06.01.2026 Yeniləndi: 06.01.2026

Azərbaycan Dövlət İqtisad Universitetində SİD layihəsinin təqdimatı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) OBA Marketlər Şəbəkəsinin “Startap, İnnovasiya və Dəstək” (SİD) layihəsi çərçivəsində təşkil olunan İnnovativ Həllər Marafonu barədə infosessiya keçirilib.


Tədbirin məqsədi tələbələrə və gənc mütəxəssislərə innovativ düşüncə bacarıqlarını inkişaf etdirmək, biznes və pərakəndə sektoruna dair yaradıcılıq yönümlü həllər təklif etmələri üçün platforma yaratmaq olub. İlk olaraq OBA Marketlər Şəbəkəsinin innovasiya və startap ekosisteminin inkişafına dəstək məqsədilə həyata keçirdiyi SİD layihəsi haqqında ətraflı təqdimat edilib.

Qeyd olunub ki, SİD ölkənin pərakəndə satış sahəsində ilk kompleks innovasiya proqramı kimi həm daxili, həm də xarici ideya sahibləri üçün geniş imkanlar təqdim edir. Layihənin əsas istiqamətlərindən biri olan İnnovativ Həllər Marafonu tələbə və gəncləri real biznes problemlərinə yaradıcı yanaşmalar tətbiq etməyə, ideyalarını reallaşdırmağa və mentor dəstəyi ilə prototip mərhələsinə keçirməyə təşviq edir.

Tədbirdə həmçinin marafona qeydiyyat prosesi, iştirak qaydaları, komanda formalaşdırılması və mükafatlandırma mərhələsi barədə məlumatlar paylaşılıb.

Görüş sonda interaktiv sual-cavab sessiyası ilə davam edib, iştirakçılar öz ideyaları və layihə ilə bağlı təkliflərini bölüşüblər.


Şəkillər
Blog Image
Paylaş
Facebook Twitter LinkedIn