06.01.2026 Yeniləndi: 06.01.2026

Bakı Mühəndislik Universitetində SİD-in təqdimatı

Bakı Mühəndislik Universitetində tələbələrin innovativ potensialının inkişafına yönəlmiş “OBA Startap, İnnovasiya və Dəstək (SİD)” layihəsinin təqdimatı keçirilib.


Tədbirdə öncə BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı Vaqif Qasımov, həmçinin universitet Texnoparkının direktoru Vüsal Süleymanlı çıxış ediblər. Çıxışlarda belə təşəbbüslərin tələbələrin peşəkar inkişafında, nəzəri biliklərinin praktika ilə möhkəmləndirilməsində və gələcək karyeraları üçün geniş imkanların yaradılmasında mühüm rol oynadığı vurğulanıb. Eyni zamanda universitet-sənaye əməkdaşlığının əhəmiyyətindən danışılıb.

Sonra SİD haqqında ətraflı məlumat verən layihə komandası ölkənin bütün bölgələrində fəaliyyət göstərən “OBA” Marketlər Şəbəkəsinin pərakəndə satış sektorunda ilk dəfə olaraq belə bir təşəbbüsə imza atması vurğulanıb. Layihənin əsas məqsədi Azərbaycanın startap və innovasiya ekosisteminin inkişafına töhfə vermək, şirkətin daxili ehtiyaclarına uyğun innovativ həllərin formalaşdırılmasını təmin etmək, istedadlı gəncləri və təşəbbüskarları üzə çıxarmaq, habelə korporativ innovasiya mədəniyyətinin inkişafına dəstək göstərməkdən ibarətdir. Qeyd olunub ki, SİD layihəsi yalnız innovativ ideyaların meydana çıxmasına  deyil, həm də real layihələrə çevrildiyi davamlı bir ekosistemin yaradılmasına xidmət edir. Burada iştirakçılara öz ideyalarını gerçəkləşdirmək, innovativ həllərini təqdim etmək və gələcəyin biznes dünyasında söz sahibi olmaq üçün bütün imkanlar təqdim olunacaq.

Tədbirdə layihənin əsas istiqamətlərindən olan İnnovativ Həllər Marafonundan bəhs edilib, həmçinin layihədə iştirak üçün qeydiyyat tarixi, mükafatlandırma mərhələsi və s. haqqında məlumatlar da diqqətə çatdırılıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. 


Şəkillər
Blog Image
Paylaş
Facebook Twitter LinkedIn